2024-cü ilin dekabrında Gürcüstanda keçirilmiş prezident seçkilərində qalib gəlmiş Mixail Kavelaşvili rəsmən vəzifəsinin icrasına başlayıb.
Arena.az xatırladır ki, Kavelaşvili keçmiş futbolçudur və mərkəz hücumçusu mövqeyində çıxış edib.
Veteran futbolçu siyasi karyerasına 2016-cı ildə “Gürcü arzusu” partiyasından ölkə parlamentinə deputat seçilməklə başlayıb. 2024-cü il noyabr ayının sonunda Kavelaşvili hakim partiyadan Gürcüstan prezidentliyinə yeganə namizəd olub.
Mixail Kavelaşvilinin 53 yaşı var. O, futbolçu karyerasının əhəmiyyətli hissəsini vətəni Gürcüstandan başqa, İsveçrənin müxtəlif klublarında keçirib. 1996-1999-cu illərdə “Mançester Siti”nin uğurları üçün çalışıb. Kavelaşvili həmçinin Vladiqafqaz “Alaniya”sının heyətində 1995-ci il mövsümünün Rusiya çempionudur. 1995-ci il mövsümünün sonunda, hücumçu kimi çıxış etmiş Mixail öz mövqeyində bir nömrə olaraq Rusiya çempionatının 33 ən yaxşı oyunçusu siyahısına daxil edilib.
Mixail Kavelaşvili 1991-2002-ci illərdə Gürcüstan millisinin heyətində çıxış edib, 46 oyuna 9 qol vurub, 3 məhsuldar ötürmə verib.


