Futbol üzrə Fransa millisinin və Madrid “Real”ının hücumçusu Kilian Mbappe klub və milli karyerasında 399 və 400-cü qollarını vurub.
Arena.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsinin ötən gecə baş tutmuş Fransa – Ukrayna oyununda (4:0) dubla imza atıb.
26 yaşlı fransız hücumçu əfsanəvi Peledən sonra futbol tarixində bu mərhələyə çatan ikinci ən gənc oyunçu və 27 yaşı tamam olmamış bunu edən ikinci oyunçu olub.
Xatırladaq ki, Mbappe klub səviyyəsində “Monako”da 27, “Real”da 62 və PSJ-də 256 qol vurub. Onun həmçinin Fransa millisində 55 qolu var.
Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyul ayında 180 milyon avro məbləğ müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə fərqlənib. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.
Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Mbappe cari mövsümdə “Real”ın heyətində 16 oyuna çıxıb, 18 qol vurub, 2 məhsuldar ötürmə verib. Fransalı futbolçunun Madrid klubunun heyətində ümumi statistikası isə belədir: 75 oyun, 62 qol, 7 məhsuldar ötürmə.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 94 oyun keçirib, 55 qol vurub və 40 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.



