“İnter Mayami”nin 19 yaşlı dominikanlı vingeri Edison Askona komandasının futbolçuları ilə Lionel Messi arasındakı ünsiyyətdən danışıb.
Arena.az “Infobae” dərgisinə istinadən Askonanın bu barədə fikirlərini təqdim edir:
“Mən Leonun ingiliscə danışdığını eşitməmişəm. Bəzən o, “sabahınız xeyir” deyir, amma komandada ingiliscə danışan və ispan dilini bilməyənlər indi ispan dilini öyrənirlər”, deyə Askona bildirib.
Xatırladaq ki, MLS-in müntəzəm mövsümü “’İnter Mayami” üçün uğursuz bitib. Buna rəğmən Şərq Konfransında sona qədər mübarizə aparmış “vağlar” mövsümü sonuncudan əvvəlki – 14-cü yerdə başa vurublar.
Lionel Messi cari ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Amerikan kulubu Leo ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Messi “İnter Mayami”nin heyətində 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunu qazanıb.
Messi hazırda kapitanı olduğu Argentina yığmasının heyətində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmanın heyətində 178 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Leo yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığmanın heyətində Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messini 35 milyon avro məbləğində qiymətləndirir.


