“Əl-Nəsr”in portuqal superulduzu Kristiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında “Əl-Tai” üzərində qazanılmış qələbədən danışıb.
Arena.az məlumat verir ki, Ronaldo bu barədə adəti üzrə özünün sosial şəbəkə hesabı üzərindən paylaşma edib:
“Daha bir, çox vacib qələbə. Ardıcıl doqquz qələbə! Əla iş, komanda! Gəlin, yaxşı çalışmağa davam edək”, – Ronaldo komandasına çağırış edib.
Xatırladaq ki, dünən, sentyabrın 29-da Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 8-ci turu çərçivəsində “Əl-Tai”nin qonağı olmuş “Əl-Nəsr”, Kristiano Ronaldonun böyük əməyi sayəsində çətin oyunda qələbəni meydan sahiblərində qopara bilib. 32-ci dəqiqədə portuqal superulduz braziliyalı hücumameylli yarımmüdafiəçi Anderson Taliskaya məhsuldar ötürmə verib. 79-cu dəqiqədə “Əl-Tai”nin hollandiı vingeri Virgil Misidyan hesabı bərabərləşdirib. 87-ci dəqiqədə isə Kristiano Ronaldo əllə oyuna görə təyin edilmiş penaltini soyuqqanlılıqla icra edib və komandasına qələbə gətirib – 2:1.
8 turdan sonra 18 xal toplamış “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Peşəkar Liqasının turnir cədvəlində 4-cü pillədə qararlaşıb. “Nəcd cəngavərləri” 6 qələbə qazanıblar, 2 məğlubiyyət acısı dadıblar, top fərqi isə 24:10 nisbətindədir.
Səudiyyə Ərəbistanın çempionatına 20 xal toplamış “Əl-Hilal” liderlik edir. Kristiano Ronaldo isə cari mövsümün ən sərrast futbolçusu və məhsuldar ötürmələr üzrə ustasıdır. Portuqal superulduz 10 qol vurub, 5 məhsuldar ötürmə verib.
Xatırladaq ki, Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanı Peşəkar Liqasının təmsilçisi “Əl-Nəsr”də çıxış edir. Onun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 9 oyuna çıxıb, 10 qol vurub, 6 məhsuldar verib. Ronaldo “Nəcd cəngavərləri” ilə Ərəb Klub Çempionlar Kubokunu (2023) qazanıb və Səudiyyə Ərəbistanı Peşəkar Liqasının gümüş mükafatçısı (2022/2023) olub.
Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 201 oyun keçirib, 123 qol vurub və 44 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Portuqal superulduz yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.