Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqal hücumçusu Kristiano Ronaldo bu komandada keçirdiyi vaxtla bağlı duyğularını paylaşıb.
Arena.az “Royanews” dərgisinə istinadən məlumat verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanı Kral Kubokunun 1/4 finalında özünün qol vurduğu “Əl-Şəbab”la oyundan (5:2) sonra bu barədə deyib:
“Əl-Nəsr”də olduğum üçün çox xoşbəxtəm. Bu böyük klubla əla nəticələr əldə etməyi səbirsizliklə gözləyirəm. Daha əvvəl Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçmədiyimə görə çox təəssüflənirəm, amma indi buradayam. Komandanı dəstəkləyəcəm ki, uğur qazanaq”, deyə portuqal ulduz bildirib.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduzun ərəb klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 22 oyuna çıxıb, 20 qol vurub, 10 məhsuldar verib.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib. O, bu oyunlarda 128 qol vurub və 46 məhsuldar ötürmə verib.
Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 38 yaşlı veteran futbolçunu 15 milyon avro məbləğində qiymətləndirir.


