Kristiano Ronaldo dubl etdi, “Əl-Nəsr” qələbə qazandı – Video

Səudiyyə Ərəbistanı Peşəkar Liqasında 7-ci turun oyunları başa çatıb və portuqal superulduz Kristiano Ronaldo yenə öz sözünü deyib.

Arena.az məlumat verir ki, o, “Əl-Nəsr”in “Əl-Əhli”ni qəbul etdiyi oyunda komandasının qələbəsində müstəsna rol oynayıb.

Oyunda hesabı məhz Ronaldo açıb, ulduz hücumçu 4-cü dəqiqədə erkən qolla fərqlənib. 17-ci dəqiqədə Anderson Taliska meydan sahiblərinin üstünlüyünü artırıb. Yarım saatın tamamında Frank Kessye hesab arasındakı fərqi azaltsa da, birinci hissənin son dəqiqəsinə artırılmış altıncı təzminat dəqiqəsində Taliska fərqi yenidən iki topa çatdırıb. İkinci hissə başlayandan beş dəqiqə sonra Riyad Mahrez penaltidən fərqlənməklə qonaqları ümidləndirib. Ancaq cəmi ikicə dəqiqə sonra Ronaldo səhnəyə çıxıb və fərqi yenidən iki topa yüksəldib. Qonaqların gücü ancaq təsəlli qoluna çatıb – oyunun sonuna üç dəqiqə qalmış Firas Əl-Buraykan fərqlənib. Oyun “Əl-Nəsr”in 4:3 hesablı qələbəsi ilə başa çatıb.

7 turdan sonra “Əl-Nəsr” turnir cədvəlində “Əl-Əhli”yə çatıb, hər iki kollektiv 15 xal toplayıb, “Əl-Nəsr” 5-ci, “Əl-Əhli” 6-cı yerdə qərarlaşıb. Komandalar hər biri cari çempionatda 5 qələbə və 2 məğlubiyyət yaşayıblar. “Əl-Nəsr”in top fərqi 22:9, “Əl-Əhli”nin isə 16:13 nisbətindədir. “Əl-Nəsr” həmçinin liqanın ən məhsudar komandasıdır.

Ərəbistan çempionatının lideri isə 18 xal toplamış “Əl-İttihad”dır. Kristiano Ronaldo 9 qolla çempionatın ən sərrast futbolçusudur, həmçinin portuqal superulduzun hesabında 4 məhsuldar ötürmə var. Ronaldo cari mövsümdə rəqib qapılarına endirdiyi zərbələrin sayına görə hamını qabaqlayır – 31 zərbə.

Ronaldo 2023-cü ilin yanvarında “Mançester Yunayted” rəhbərliyi və komandanın məşqçilər qərargahı ilə anlaşılmazlıq üzündən “qırmızı şeytanlar”dan ayrılaraq, “Əl-Nəsr”a keçib. Ərəbistan klubunda Ronaldo futbolçu transferi zamanı məşqçilər qərargahına təcrübi məsləhətlər vermək və komandanın oyun taktikası ilə bağlı birbaşa fikir yürütmək səlahiyyətinə malikdir. Portuqal superulduz həm də komandanın kapitanı və lideridir. Ronaldo cari mövsümdə “Əl-Nəsr”in heyətində 7 oyuna çıxıb, 7 qol vurub, 5 məhsuldar verib.

Portuqal superulduzun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı 38 yaşlı Kristiano Ronaldonu 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: