“Mingəçevir”nin baş məşqçisi Ramiz Məmmədov Premyer Liqaya vəsiqə uğrunda “Qəbələ”yə qarşı keçirdikləri pley-off matçını şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü “Mingəçevir”in 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Ramiz Məmmədov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Komandanın oyunundan razı qaldım. Bəzi məqamlarla bağlı narazılıq var. Hakimlikdən narazılıq edən məşqçi olmamışam. Amma səmimi deyirəm, bu oyuna Tural Qurbanovun təyin edilməsi yersiz idi. Bütün cərimələr qapımıza tərəf idi.
Standart vəziyyətə qədər qapımızda təhlükə yox idi. Rəqibin vurduğu qol zamanı qaydanı pozmamışdıq. Əlavə olaraq, “Qəbələ” penaltini qazanandan əvvəl də bizim oyunçumuza müdaxilə var idi. Hər iki qolun səbəbkarı Tural Qurbanov idi.
Hansı oyunçular tam hazırdır, onlar oynadılar. Özümüz özümüzə düşmən deyilik. Taktiki planlarımız var idi. Usmanın, Cəlalın, Bahadırın oyuna sonradan daxil olması komandanın güclənməsinə hesablanmışdı. Komandalar arasında büdcə, keyfiyyət fərqi var. Düzgün rəqabət üçün belə məqamlara fikir vermək lazımdır”.


