Kristiano Ronaldo: “Məşqçilik mənlik deyil”

“Əl-Nəsr”in 40 yaşlı portuqal ulduzu və kapitanı, veteran hücumçu Kristiano Ronaldo məşqçilik fəaliyyətində maraqlı olmadığını bildirib.

Arena.az məlumat verir ki, Ronaldo bu barədə “Əl-Nəsr”in “YouTube” kanalına müsahibəsində söhbət açıb:

“Mən qəbul edilmiş ölçülər çərçivəsində düşünən adam deyiləm. Mən digər futbolçulardan yaxşı deyiləm, sadəcə fərqli düşünürəm. Düzünü deyə bilərəm ki, məşqçilik fəaliyyəti – mənim üçün deyil. Ən azı yaxın 5, 10 və ya hətta 20 il ərzində. Buna rəğmən, həyatda hər şey dəyişə bilər.

Mən Səudiyyə Ərəbistanına ancaq futbol oynamaq üçün gəlməmişəm. Ölkəni dəyişməyə kömək etmək istəyirəm, onun dəyişilməsinin bir hissəsi olmaq istəyirəm. Bəli, mən portuqalam, amma indi mən Səudiyyə Ərəbistanının bir hissəsəyəm”, deyə “Kriş” vurğulayıb.

Xatırladaq ki, Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun Səudiyyə Ərəbistanı klubu ilə yenilənmiş müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ronaldo geridə qalmış mövsümdə “Əl-Nəsr”in heyətində 41 oyuna 35 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 105 oyun, 93 qol və 19 məhsuldar ötürmədən ibarətdir.

Əlavə edək ki, Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2024/2025-ci illər mövsümümün 25 qolla ən sərrast qolçusudur. Portuqal ulduzun hesabında 3 məhsuldar ötürmə də var.

Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.

Kristiano Ronaldo Portuqaliya yığmasının heyətində 221 oyuna 138 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: