“Əl-Nəsr”in 40 yaşlı portuqal ulduzu və kapitanı, veteran hücumçu Kristiao Ronaldo Səudiyyə Ərəbistanı haqda söhbət açıb.
Arena.az “Əl-Nəsr”in mətbuat xidmətinə istiandən, portuqal ulduzun müvafiq müsahibəsini təqdim edir:
“Siz öz ölkənizlə qürur duymalısınız, çünki heyranedici ölkəniz var. Onun gələcəyi isə parlaq olacaq, çünki hər şey belə bir sürətlə inkişaf edir. Siz nəinki danışır, həmçinin iş görürsünüz. Odur ki, bu, ən əsasıdır. Mənim artıq dəfələrlə dediyim kimi, mən Səudiyyə Ərəbistanına məxsusam. Mən portuqalam, amma Səudiyyə Ərəbistanına məxsusam.
Düşünmürəm ki, kimisi inandırıb əmin etmək gərəkdir. “Gəlin və özünüz baxın!” – bax, insanlara bunu demək gərəkdir. Məsələn, mən indi Qırmızı dənizdəyəm. Mən bura boşuna gəlmirəm, ona görə gəlirəm ki, bura mənim xşuma gəlir, mənim ailəmin də xoşuna gəlir. Mən burada dinclik duyuram. Mən yalnız ən görkəmli yerlər haqda danışmıram, həmçinin Ər-Riyad, Ciddəni nəzərdə tuturam. Səudiyyə Ərəbistanı mənim xoşuma gəlir, mən adamlara bura gəlməyi tövsiyə edirəm. Burada çox şey dəyişib. Mən bu ölkənin tarixini bilirəm, bilirəm ki, çox şey dəyişib. Burada əladır, bu möcüzəli ölkəni ziyarət etməyi məsləhət görürəm. Siz möcüzəvi mədəniyyətə maliksiniz ki, bu, mənim xoşuma gəlir”, deyə “Kriş” ağızdolusu vurğulayıb.
Xatırladaq ki, Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun Səudiyyə Ərəbistanı klubu ilə yenilənmiş müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Ronaldo geridə qalmış mövsümdə “Əl-Nəsr”in heyətində 41 oyuna 35 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 105 oyun, 93 qol və 19 məhsuldar ötürmədən ibarətdir.
Əlavə edək ki, Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2024/2025-ci illər mövsümümün 25 qolla ən sərrast qolçusudur. Portuqal ulduzun hesabında 3 məhsuldar ötürmə də var.
Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.
Kristiano Ronaldo Portuqaliya yığmasının heyətində 221 oyuna 138 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.


