Lionel Messi dünyanın ən yaxşı müdafiəçisinin kimliyini açıqladı

Argetinalı ulduz Lionel Messi yığmada komanda yoldaşı, mərkəz müdafiəçisi Kristian Romeronu dünyanın ən yaxşı müdafiəçisi adlandırıb.

Arena.az xəbər verir ki, Messi bu barədə DÇ-2026-nın CONMEBOL zonası üzrə seçmə mərhələsinin 1-ci turu çərçivəsində Ekvador yığmasına qarşı oyundan (1:0) sonra danışıb:

“Mənim üçün o, indi dünyanın ən yaxşı müdafiəçisidir. Möhtəşəm çıxış, oyunun adamı”, deyə Messi etiraf edib.

Xatırladaq ki, Argentina yığmasına qələbə qazandırmış yeganə qolu oyunun 78-ci dəqiqəsində məhz Messi vurub.

Lionel Messi özünün “Barselona”dakı son mövsümündə Romeronun kataloniyalılara qoşulmasını istəyirdi. Bu məlumat yalnız kütləvi informasiya vasitələrində deyil, futbolçunun özü tərəfindən də müzakirə edilmişdi. O zaman Kristian Romero etiraf etmişdi: “Messi “Barsa”ya keçməyimi istəmişdi”.

Öz növbəsində “Barselona” Messinin istəyini nəzərə alaraq, Romero üçün 10 milyon avro məbləğində yerdəyişmə haqqından əlavə, “Tottenhem”ə 40 milyon avro təklif etsə də, Romero bu transferdən imtina etmişdi.

30 avqust 2022-ci ildə “Tottenhem”ə qoşulmuş Romero hazırda da “mahmızlar”ın heyətində çıxışını davam etdirir. Müdafiəçi cari mövsümdə “Tottenhem”in heyətində 4 oyuna çıxıb, 2 qol vurub. Romeronun “Tottenhem”in heyətində ümumi statistikası isə belədir: 68 oyun, 3 qol, 1 məhsuldar ötürmə.

Romeronun “mahmızlar”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Romero 2021-ci ilin iyun ayında debüt etiyi Argentina yığmasında 23 oyun keçirib, 2 qol vurub.

Maraqlıdır ki, Kristian Romeronun furbolçu karyerası ərzində qazandığı bütün kuboklar yığma səviyyəsindədir: FIFA Dünya Kuboku (2022), Amerika Kuboku (2021), Çempionların CONMEBOL-UEFA Kuboku “Finalissima” (2022).

“Transfermarkt” internet-portalı 25 yaşlı Kristian Romeronu 60 milyon avro məbləğində qiymətləndirir.