Lionel Messi növbəti rekorduna imza atdı

Futbol üzrə Argentina milli komandasının və MLS təmsilçisi “İnter Mayami”nin superulduzu Lionel Messi növbəti rekorda imza atıb.

Arena.az xəbər verir ki, bu gün, oktyabrın 18-də Argentina yığması DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turu çərçivəsində Peru yığmasına qalib gəlib – 2:0.

Argentinalıların ulduz hücumçusu Messi bu oyunda dubl edərək komandasının qələbəsini təmin edib. Beləliklə, 36 yaşlı veteran futbolçu Cənubi Amerika zonasının seçmə turnirlərində qol rekordçusu olub. Messi dünya çempionatının seçmə mərhələsində Argentina yığmasının heyətində 31 qol vurub. İkinci yerdə 29 qolla uruqvaylı hücumçu Luis Suares qərarlaşıb.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasının heyətində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmanın heyətində 178 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Messi yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığmanın heyətində Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Messi bu ilin yayında Fransa çempionu PSJ-dən ayrılaraq ABŞ klubu “İnter Mayami”yə keçib. O, PSJ-dən öncə uzun illər yetirməsi olduğu İspaniya “Barselona”sında oynayıb.

Dünya çempionatının seçmə mərhələsinin CONMEBOL zonasında 4-cü turdan sonra Argentina yığması 12 xalla liderdir. 7 xal toplamış Uruqvay 2-ci yerdə qərarlaşıb.

Növbəti turda Argentina və Uruqvay mərkəzi görüşdə üz-üzə gələcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaş: