Luis Enrike: “Gec-tez Kilian Mbappesiz oynayacağıq”

PSJ-nin baş məşqçisi Luis Enrike Liqa 1-in 24-cü turunda “Monako” ilə səfər oyununda (0:0) Kilian Mbappeni nə üçün əvəzlədiyini açıqlayıb.

Arena.az məşhur italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən, ispan mütəxəssisin bu xüsusda fikirlərini təqdim edir:

“Mən uzun müddətdir ki, futboldayam, bilməlisiniz ki, belə bir klubda hər şey vacibdir. Gec-tez Mbappesiz oynayacağıq, buna öyrəşməli olacağıq”, deyə Luis Enrike fransalı ulduz hücumçunun tezliklə Fransa nəhəngindən ayrılacağını başa düşməyə əsas verib.

Xatırladaq ki, daha əvvəl 25 yaşlı Kilian Mbappenin “Real”la müqavilənin son təfərrüatını razılaşdırdığı bildirilirdi. Müqavilənin 2024-cü il iyulun 1-dən qüvvəyə minəcəyi və cari mövsümün bitməsi ilə elan ediləcəyi vurğulanır. Hazırda isə “Kral klubu”nun Mbappenin transferini yaxın həftələrdə tamamlamaqla məşğul olduğu bildirilir.

Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Fransalı ulduz Paris klubuna həmin ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 33 oyuna çıxıb, 32 qol vurub, 7 məhsuldar ötürmə verib.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib. Hücumçu bu oyunlarda 46 qol vurub, 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.