“Real”ın xorvat mərkəz yarımmüdafiəçisi Luka Modriç La Liqanın 11-ci turunda “Barselona” ilə “el klasiko”da (2:1) rekord müəyyən edib.
Arena.az xatırladır ki, “Real” “el-klasiko”da Cud Bellingemin dublu sayəsində əzmkar qələbə qazanaraq, 28 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir.
Modriç meydana kataloniyalıların 1:0 hesabı ilə öndə olduğu vaxtda, 63-cü dəqiqədə daxil olub və əsas vaxta əlavə edilmiş 2-ci təzminat dəqiqəsində qələbə qolunun müəllifi Bellingemə məhsuldar ötürmə verib.
Modriç “Real”ın heyətində “el klasiko”da meydana çıxmış ən yaşlı oyunçu olmaqla, “qaymaqlılar”ın sabiq futbolçusu Pako Buyonun rekordunu yeniləyib. Pako Buyo 1996-cı ildə 38 yaş 38 günlüyündə “Barselona”ya qarşı oynayıb. Modriç meydana daxil olanda isə 38 yaş 47 günlüyündə olub. Bu oyun həm də Modriçin “Real”ın heyətində 500-cü oyunu olub.
Xorvat futbolçu əlamətdar hadisələrə duyğusal münasibətini ifadə edib:
“Bu klubu dəfələrlə təmsil etdiyim üçün çox fəxr edirəm. “El klasiko”da bu ədədə çatmaq və onu qazanmaq üçün daha çox şey tələb edə bilməzdim. Tarixin ən böyük klubunda bu göstəriciyə nail olduğum üçün çox şadam. Bu klubda nəyə nail olduğumu hələ də anlamıram. Bu, böyük ədəddir. Bu ədədlər məni ruhlandırır, çünki çox az oyunçu onlara nail ola bilib”.
Luka Modriç “Real”a 2012-ci ilin avqustunda 35 milyon avro qarşılığında “Tottenhem”dən keçib. Yarımmüdafiəçinin klubla müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Veteran futbolçu cari mövsümdə “Real”ın heyətində 12 oyun keçirib, 1 məhsuldar ötürmə verib. Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası da göz oxşayır: 500 oyun, 37 qol, 78 məhsuldar ötürmə.
Yarımmüdafiəçi “Real”la dəfələrlə bütün mümkün əsas klub turnirlərində qalib olub. Lukanın “Real”la qazandığı 23 qənimətə 5 Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 4 UEFA Super Kuboku, 3 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir.
Modriç kapitanı olduğu Xorvartiya yığmasında 170 oyuna 24 qol vurub, 27 məhsuldar ötürmə verib.


