Futbol üzrə Polşa yığmasının və İtaliyanın “Bolonya” komandasının əsas qapıçısı Lukaş Skorupski zədələnərək sıradan çıxıb.
Arena.az xəbər verir ki, İtaliya A Seriyasının 11-ci turunda “Napoli”yə qarşı keçirdikləri ev oyunu (2:0) polşalı qolkiper üçün uğursuz alınıb.
O, matçın ilk dəqiqələrində zədələnərək, 8-ci dəqiqədə əvəzlənmişdi. Ətraflı müayinələrdən sonra 34 yaşlı polyak qapıçının sağ ombasının bükücü əzələsinin orta-ağır zədəsi aşkarlanıb. Skorupskinin bir ay yarımlıq müddət ərzində müalicə-bərpa mərhələsindən keçəcəyi bildirilir. Bu isə onun ən yaxşı halda 2026-cı ilin yanvarında sıraya dönəcəyindən xəbər verir.
Xatırladaq ki, Lukaş Skorupski “Bolonya”ya 2018-ci ildə “Roma”dan 9 milyon avro müqabilində keçib. 34 yaşlı polşalı qolkiperin bu klubla 2027-ci ilin yayınadək müqaviləsi mövcuddur. O, “Bolonya”nın heyətində 266 matça çıxıb, 355 qol buraxıb, 71 oyunda qapısını toxunulmaz saxlayıb.
“Roma”nın yetirməsi olan Skorupski İtaliyada “Empoli”nin də uğurları üçün çalışıb. O, ölkəsində də “Qornik” və “Rux” komandalarında forma geyinib.
Lukaş 2012-ci ilin dekabrında debüt etdiyi Polşa yığmasında da 20 oyuna çıxıb, 20 qol buraxıb, 6 matçda qapısını toxunulmaz saxlayıb.
“Transfermarkt” internet-portalı 34 yaşlı qapıçının transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.



