Mahir Emreli “Lester Siti”yə qol vurdu

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Legiya” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası Avropa Liqasında qrup mərhələsinin 2-ci turu çərçivəsində “Lester Siti” ilə qarşılaşıb.

Polşa çempionu İngiltərə Premyer Liqası təmsilçisi ilə doğma meydanda qarşılaşıb. “Legiya” meydanı 1:0 hesablı qələbə ilə tərk edib.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib. Millimizin üzvü 83-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Legiya”nın yeganə qolunu da Emreli vurub. O, 31-ci dəqiqədə dəqiq zərbə ilə lesterliləri məyus edib.

Qrup mərhələsində keçirdiyi hər iki oyundan qalib ayrılan “Legiya” hazırda 6 xalla liderdir. Emrelinin komandası ilk turda Moskva “Spartak”ına (Rusiya) da səfərdə qalib gəlmişdi – 1:0.