“Mançester Siti” geridə qalmış 2022/2023 mövsümünün yekunlarına əsasən 341 milyon avro məbləğində mükafat əldə edib.
Arena.az xəbər verir ki, “şəhərlilər” iştirak etdiyi hər üç turniri qələbə ilə başa vuraraq “trebl”ə imza atıblar.
“Siti” Çempionlar Liqasının final oyununda “İnter” üzərində minimal hesablı qələbə qazanıb. Turnirin qalibi olaraq “şəhərlilər” təxminən 127,5 milyon avro məbləğində mükafata sahib olublar.
Buna qədər isə Xosep Qvardiolanın yetirmələri İngiltərə Federasiya Kubokunda əzəli rəqibi “Mançester Yunayted”i 2:1 hesabı ilə məğlub edərək qəniməti muzeyinə aparıblar. Bu “əməli” üçün “şəhərlilər”ə 4,5 milyon avro məbləğində mükafat verilib.
Və ən nəhayət mövsümün ən çox qazancı – İngiltərə Premyer Liqasından əldə edilmiş mükafatdır ki, bu da 209 milyon avro təşkil edir.
Bundan əlavə, digər kiçik gəlirlər sayəsində “şəhərlilər” nə az, nə çox – 350 milyon avroya yaxın pul-para toplayıblar.
Xatırladaq ki, daha əvvəl “Mançester Siti”nin UEFA klub reytinqi cədvəlində birinci pilləyə yüksəlməsi məlum olub.


