“Mançester Siti”dən Çempionlar Liqasında tarixi zəfər!

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün sonuncu – final oyunu keçirilib.

Arena.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində baş tutan həlledici görüşdə İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları üz-üzə gəliblər.

“Atatürk Olimpiya Stadionu”nda keçirilən qarşılaşmanın baş hakimi polşalı FIFA referisi Şimon Marçinyak olub.

UEFA Çempionlar Liqasında ikinci dəfə finala yüksələn “Mançester Siti” bu turnirdə qalib olmamışdı. “İnter” isə ÇL-də oynadığı 6 finalın yarısından qələbə ilə ayrılmışdı.

Bu finalda sevinən tərəf isə Mançester təmsilçisi olub. İkinci hissədə Rodrinin vurduğu yeganə qol “şəhərlilər”i tarixi zəfərə qovuşdurub. Belə ki, bu komanda ilk dəfə Çempionlar Liqasının qalibi olub.

“Mançester Siti” həm də tarixində ilk dəfə “trebl”ə imza atıb. “Şəhərlilər” bu mövsüm İngiltərə Premyer Liqasının və İngiltərə Federasiya Kubokunun da qalibi olmuşdular.

UEFA Çempionlar Liqası
Final
10 iyun

Mançester Siti – İnter 1:0
Qol: Rodri, 68.
Baş hakim: Şimon Marçinyak (Polşa).
İstanbul, Atatürk Olimpiya Stadionu.

Mançester Siti: Ederson, Ruben Dias, Con Stounz (Kayl Uoker, 82), Natan Ake, İlkay Gündoğan (k), Erlinq Haland, Cek Qriliş, Rodri, Kevin De Bröyne (Fil Foden, 36), Bernardo Silva, Manuel Akanci.
Baş məşqçi: Xosep Qvardiola.
İnter: Andre Onana, Denzel Dumfris (Raul Bellanova, 77), Edin Dzeko (Romelu Lukaku, 57), Lautaro Martines, Françesko Açerbi, Hakan Çalhanoğlu (Henrix Mxitaryan, 84), Nikola Barella, Federiko Dimarko, Matteo Darmian (Danilo D`Ambrozio, 85), Marselo Brozoviç (k), Alessandro Bastoni (Robin Qosens, 76).
Baş məşqçi: Simone İnzaqi.

Xəbəri sosial şəbəkələrdə paylaş: