“Mançester Yunayted” Premyer Liqanın digər təmsilçisi “Çelsi”nin yarımmüdafiəçisi Meyson Mauntu transfer etməkdən imtina edib.
Arena.az bu barədə “The Times”a istinadən məlumat verir.
Məlumata görə “Mançester Yunayted” rəhbərliyi Maunta görə ünvanladığı üçüncü təklifin də “Çelsi” tərəfindən rədd edilməsindən sonra digər variantları nəzərdən keçirməyə qərar verib. “Qırmızı şeytanların” Meyson Maunta görə 64 milyon avro məbləğində ünvanladığı üçüncü təklif “zadəganlar” tərəfindən 75 milyon avro tələbi ilə qarşılanıb. Bu məqam “Mançester Yunayted” rəhbərliyinin səbr kasasını daşdırıb. Mançester klubu Mauntun “Çelsi” ilə müqaviləsinin bitməsinə cəmi bircə il qaldığını əsas gətirərək bu qədər məbləğdə transfer ödənişini qeyri-gerçək hesab edir və bu yöndə danışıqlara xitam verib.
Hazırda “qırmızı şeytanlar” “Brayton”un yarımmüdafiəçisi Moyses Kaysedoya üz tutublar. Yaxınlarda “Yunayted”in rəsmi təkliflə “Brayton”a müraciət edəcəyi gözlənilir.
Meyson Maunt ötən mövsüm “Çelsi”nin heyətində 35 oyuna çıxıb, 3 qol vurub, 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı Meyson Mauntu 60 milyon avro məbləğində qiymətləndirir.


