Manu Kone: “Fransa yığmasında ən yaxşılar arasındayam”

“Roma”nın və Fransa yığmasının mərkəz yarımmüdafiəçisi Manu Kone “xoruzlar”ın heyətində çıxışı ilə bağlı təəssüratını paylaşıb.

Arena.az fransalı futbolçunun müvafiq fikrini təqdim edir:

“Tərəqqimdən razıyam, axı məni milli komandaya çağırıblar. Ən yaxşılar arasındayam. Ümidvaram, elə, o ruhda da davam edəcək və komanda yoldaşlarım, xüsusən də məşqçinin mənə göstərdikləri etimadı doğrulda biləcəyəm”, deyə Kone vurğulayıb.

Xatırladaq ki, Koneli Fransa yığması ötən gecə DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığmasına 4:0 hesabıyla qalib gəlməklə növbəti mundialın final mərhələsinə vəsiqə qazanıb. “Xoruzlar”ı seçmə mərhələnin sonuncu turunda Bakıda Azərbaycan millisi ilə oyun gözləyir. Sözügedən qarşılaşma noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Manu Kone peşəkar karyerasına Fransanın “Tuluza” klubunda başlayıb. O, 2021-2024-cü illər aralığında Monhenqladbax “Borussiya”sında da çıxış edib. “Roma” Koneni 2024/2025-ci illər mövsümündən öncə 18 milyon avro müqabilində Almaniya klubundan transfer edib. 24 yaşlı futbolçunun İtaliya klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var. Yarımmüdafiəçi “canavarlar”ın heyətində 60 oyuna çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Yarımmüdafiəçi Fransanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynadıqdan sonra 2024-cü ilin oktyabr ayında əsas millidə debüt edib. Kone Fransa millisinin heyətində 12 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 24 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın