Martin Demişelis – La Liqada aprelin ən yaxşı məşqçisi!

“Malyorka”ya rəhbərlik edən argentinalı mütəxəssis Martin Demişelis İspaniya La Liqasında 2026-cı ilin aprel ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Demişelis mükafat uğrunda mübarizədə Almada (“Real Ovyedo”) və Hansi Fliki (“Barselona”) qabaqlayıb.

“Malyorka” aprel ayında İspaniya çempionatı çərçivəsində keçirdiyi 4 oyunun ikisində qalib gəlib, birində heç-heçə edib, birində məğlub olub.

Martin Demişelis həm cari mövsümdə, həm də karyerası ərzində ilk dəfə La Liqada ayın ən yaxşısı seçilir. Cari mövsümdə İspaniya La Liqasında ilk belə mükafatı “Real”ı çalışdırarkən Xabi Alonso qazanıb. O, avqust ayının ən yaxşısı seçilib. Sentyabrda “Elçe”ni çalışdıran Eder Sarabiya fərqlənib, oktyabrda “Rayo Valyekano”ya rəhbərlik edən İnyiqo Peres, noyabrda “Vilyarreal”ı çalışdıran Marselino Qarsiya Toral, dekabrda “Espanyol”un sükanı arxasında olan Manolo Qonsales, bu ilin yanvarında “Real Sosyedad”a rəhbərlik edən Pelleqrino Matarasso, fevralda Manuel Pelleqrini (“Betis”), martda Hansi Flik (“Barselona”) ayın ən yaxşı məşqçisi elan edilib.

Xatırladaq ki, Demişelis bu ilin mart ayında “Malyorka”nın baş məşqçisi təyin edilib. 45 yaşlı mütəxəssis bu komandanı cəmi 8 oyuna çıxarıb, 4 qələbə, 2 heç-heçə və 2 məğlubiyyət görüb.

Argentinalı mütəxəssis daha öncə “Monterrey”, “River Pleyt” kimi komandalara, “Bayern”in U-19 və əvəzedici komandalarına da rəhbərlik edib.

“Malyorka” 2025/2026-cı illər mövsümündə La Liqa çərçivəsində keçirdiyi 34 oyunda 10 qələbə qazanıb, 8 heç-heçə edib və 16 məğlubiyyətə üzülüb. Sözügedən kollektiv 38 xalla 20 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: