Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin bir şikayətini təmin etməyib.
Arena.az bu barədə ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir.
Belə ki, AFFA İntizam Komitəsinin martın 11-də azarkeşlərin təhqiramiz ifadələr səsləndirməsinə görə klubu cərimələməsi barədə qərarı qüvvədə saxlanılıb. Fanatlar Azərbaycan Premyer Liqasında “Turan Tovuz”la görüşdə hakimləri təhqir etdiyi üçün “ağ-qaralar” 8 000 manat ziyana düşüblər.
Bundan əlavə, Bakı təmsilçisinin daha bir şikayətinə baxılması təxirə salınıb. Komanda azarkeşləri tərəfindən təhqiredici pankart açdığına görə klub 15 000 manat cərimə edilmişdi. Lakin Apellyasiya Arbitraj Tribunalı bu şikayətə baxılmasını əlavə sübutların toplanılması və tədqiq edilməsi zəruriliyi baxımından təxirə salıb. Məsələ ilə bağlı yekun qərarın nə vaxt açıqlanacağı bildirilmir.


