“Əl-Hilal”ın braziliyalı hücumçusu Neymar ailəvi – yeni doğulmuş qızı və həyat yoldaşı ilə birlikdə fotosunu sosial şəbəkələrdə yayımlayıb.
Arena.az məlumat verir ki, şəkli Neymarın həyat yoldaşı Bruna Byankardi öz ürək sözləri ilə şərh edib:
“Bizim Mevimiz gəldi ki, bizim həyatımız dolğunluqla tamamlansın. Xoş gəldin, qızım! Biz artıq səni çox sevirik! Sağ ol ki, bizi seçdin”, – Bruna yazıb.
Xatırladaq ki, 31 yaşlı braziliyalı superulduzun keçmiş sevgilisi Karolina Dantasdan Davi Lukka adlı oğlu da var.
Neymarın Braziliyaya səfər etdiyi üçün bu gün – oktyabrın 7-də Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 9-cu turu çərçivəsində “Əl-Hilal”ın “Əl-Axdud”la oyununda iştirak edə bilməyəcəyi haqda məlumat yayılıb.
Xatırladaq ki, braziliyalı futbolçu cari ilin yay transfer pəncərəsində PSJ-dən “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan bir il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.
Cari mövsümdə o, “Əh-Hilal”ın heyətində 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 126 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.
31 yaşlı hücumçu “Əl-Hilal”dan öncə PSJ, “Barselona” və “Santos”da da forma geyinib.
“Transfermarkt” internet-portalı 31 yaşlı Neymarı 60 milyon avro məbləğində qiymətləndirir.



