PFL “Karvan”ın Yevlaxa qayıtmasına razılıq verdi

Peşəkar Futbol Liqası (PFL) Premyer Liqa təmsilçisi “Karvan”ın ev oyunlarını bundan sonra Yevlaxda keçirməsinə razılıq verib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Yevlax şəhər stadionunun Premyer Liqa standartlarına uyğunlaşdırılması ilə bağlı “Karvan” klubu tərəfindən arenada təmir-bərpa işləri aparılıb və meydanın ot örtüyü yenilənib. Bu müddət ərzində Peşəkar Futbol Liqası tərəfindən stadionda bir neçə dəfə təftiş işləri həyata keçirilib.

4 noyabr tarixində keçirilmiş test oyunu zamanı qeydə alınmış yekun çatışmazlıqlar klubun diqqətinə çatdırılıb və həmin məsələlər sonradan aradan qaldırılıb. Bundan əlavə, stadionun süni ot örtüyü üçün FIFA-dan müvafiq keyfiyyət sertifikatı təqdim edilib.

Əsasnamənin tələblərinə əsasən, stadionla əlaqədar oyunun yerinin dəyişdirilməsi barədə klub PFL-ə ən azı 7 gün əvvəl müraciət etməlidir. Stadionun Premyer Liqa standartlarına uyğunlaşdırılmasını və müraciətin növbəti turun oyununa ən azı 7 gün qalmış edilməsini nəzərə alaraq bildirilir ki, “Karvan” klubu Azərbaycan Premyer Liqasının 12-ci turunda “Kəpəz”lə oyundan etibarən ev oyunlarını Yevlax şəhər stadionunda keçirə biləcək.

Xəbəri istədiklərinizlə paylaşın