Putinə qarşı biədəb şüara görə 10 min avro cərimə!

UEFA Litva Futbol Federasiyasını (LFF) Rusiya prezidenti Vladimir Putinə qarşı yönəlmiş azarkeş şüarlarına görə 10 min avro cərimələyib.

Arena.az bu barədə Litva Milli Radio və Televiziyasına istinadən məlumat verir:

“İlk dəfədir ki, bu cür şüarlara görə cərimələnirik. Biz əvvəllər başqa şeylərə, başqa mahnılara, bannerlərdən istifadə etdiyimizə, oyunlar zamanı müəyyən simvollardan istifadə etdiyimizə görə cərimələnmişik, amma bu ifadəyə görə ilk dəfədir ki, cərimələnirik. Bu, əvvəlki oyunda səslənsə də, orada İspaniyadan nümayəndə var idi və o, bu anı qeydə almamışdı. Bunu Serbiya ilə görüşdə Qazaxıstandan olan nümayəndə qeydə alıb”, deyə Litva Futbol Federasiyasının prezidenti Edqaras Stankeviçyus bildirib.

Xatırladaq ki, sentyabrın 10-da Litva və Serbiya yığma komandaları arasında AÇ-2024-ün seçmə mərhələ oyunu (1:3) zamanı Rusiya prezidenti Vladimir Putinin ünvanına biədəb, təhqiramiz şüar səslənib. Qarşılaşmanın nümayəndəsi, Qazaxıstan təmsilçisi Kuanış Kanapyanov bu məqamı qeydə alaraq, sənədləşdirib və oyunun hesabatına daxil edib. Məhz bunun əsasında da UEFA Litva Futbol Federasiyasını cərimələyib.

Litva Futbol Federasiyası UEFA-dan oyun nümayəndəsinin oyunun hesabatına bu biədəb şüarı hansı səbəbdən daxil etdiyini izah etməyi xahiş edib.