“Qalatasaray” və “Fənərbağça”nın futbolçuları saxlanıldı

Bu gün Türkiyənin “Qalatasaray” və “Fənərbağça” klublarının futbolçularının da daxil olduğu bir qrup şəxs polis tərəfindən saxlanılıb.

Arena.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, İstanbul Baş Prokurorluğu futbolda danışılmış oyunlarla bağlı istintaq çərçivəsində yeni əməliyyat keçirib. Səhər saatlarından başlayaraq bir neçə futbolçu və klub rəsmisi saxlanılıb. Həmin şəxslər mərc oyunları və danışılmış matçlarda iştirakda şübhəli bilinirlər.

Saxlanılanlardan biri “Fənərbağça”nın futbolçusu Mert Hakan Yandaşdır. Yarımmüdafiəçi mərc oyunlarında iştirak etməkdə ittiham olunduğu üçün tutulub.

“Qalatasaray”ın futbolçusu Metehan Baltacı da saxlanılıb. O da mərc oyunlarında iştirak etməkdə ittiham olunduğu üçün tutulub.

Bundan əlavə, keçmiş hakim Ahmet Çakar da saxlanılıb.

Son məlumatlara görə, təxminən 50-yə yaxın şəxs mərc oyunları və danışılmış matçlarla bağlı tutulub. Siyahının daha da böyüyəcəyi istisna edilmir.