Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı” klubu əsas qapıçısı Rəşad Əzizli ilə müqavilənin müddətini uzadıb. Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 29 yaşlı oyunçunun yeni sözləşməsinin müddəti ilyarımlıqdır. Yeni müqaviləyə əsasən, qolkiper 2023/24 mövsümünün sonunadək bu komandanın uğurları üçün çalışmağa davam edəcək.
Xatırladaq ki, Rəşad Əzizli 2022-ci ilin yayında, bu mövsümün əvvəlində “Neftçi”dən ayrılaraq “Şamaxı”ya keçmişdi. O, bu komandanın heyətində meydana çıxdığı 22 oyunda 29 qol buraxıb.
Əzizli daha öncə “Neftçi”dən başqa “Rəvan”, “Şüvəlan”, “Səbail”, “Sumqayıt”, “Keşlə” və “Zirə”də də oynayıb. O, Azərbaycanın U-17 və U-19 yığmalarında da forma geyinib.
“Şamaxı” daha əvvəl Rövşən Şahmuradov, Fuad Bayramov, Rəhman Daşdəmirov və Bahadur Həziyevlə də müqavilə yeniləmişdi. Əyalət klubu həmçinin Emil Qasımov, Emin Zamanov, Zahid Mərdanov, Əli Səmədov, Abdulla Seyidəhmədov və Ramin Əhmədovu heyətinə qatıb.