Rəşad Sadıqov: “Hakimlərin çiyninə ağır yük düşəcək”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri ev oyunundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularıma göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm. Onları bağrıma basıram.

Hakimliklə bağlı danışmaq istəmirəm. İşlərimiz yaxşı gedəndə bizə qarşı təzyiqləri daha çox hiss edirik. Amma mən burada nəsə qərəz olduğuna inanmıram. Çünki, bu il hakimlərimiz çox yaxşı performans göstərirlər. Müəyyən səhvlər yəqin ki, gələcəkdə də olacaq. Hələ qırmızı vərəqə epizoduna baxmamışam. Ona görə də səhv olub-olmadığını dəqiq deyə bilmərəm. Çempionatımızda bu cür epizodlar həddindən çoxdur. İstərdim ki, hakimlərimiz minimum səhv etsinlər. Bütün komandalar mövsümə böyük həvəslə başlayıblar. 10 komandanın hansınısa digərlərindən ayırmaq olmur. Hamı yaxşı mübarizə aparır, məşqçi işi görünür. Bu, sevindirici amildir. Bütün komandaların oyununda irəliləyiş var. Hakimlərin çiyninə ağır yük düşəcək. İnşallah, öhdəsindən gələrlər.

Dmitrios Çantakias bu il yaxşı performans göstərir. Həyətimizdə ən çox oyun keçirən futbolçulardandır. Bu gün 100-cü oyununu keçirirdi. Onu da, Qismət Alıyevi də təbrik edirəm. Bu gün rotasiya etdik. Çantakiasın üç sarı vərəqəsi var. Hər üç mərkəz müdafiəçisi daim yaxşı formada olmalıdır. Onların heç birinə əvəzedici oyunçu kimi baxmıram. Müəyyən detallar rəqabətdə rol oynaya bilər”.

Rəşad Sadıqov transfer planlarını tam gerçəkləşdirə bilməməsinə də toxunub:

“Son ana qədər danışıq apardığımız futbolçular var idi. Daha iki transfer etmək istəyirdik. Təəssüf ki, alınmadı. Artıq bunu qış fasiləsində edəcəyik. Bu gün komandada olan futbolçuların performansından razıyam. Amma təbii ki, güclənməyə ehtiyac var. Transfer pəncərəsi bağlandı. Bəlkə də azad agent statusunda olan və bizi qane edən futbolçu olsa, götürəcəyik. Hücumameyilli oyunçu istəyirdim. Bir mərkəz müdafiəçisi də götürməliydik. Bu mövqedə bir oyunçumuz zədələnsə, onu əvəz etməyə futbolçu yoxdur. Məşqçi işi belədir. Hər şey sənin istədiyin kimi gedə bilməz”.

Samir Abasov: “Hakimlikdən danışmaq istəmirəm”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov isə komandasının məğlubiyyəti barədə bunları dilə gətirib:

“Zirə”ni təbrik edirəm. Rəqibin azlıqda qalmağı kənardan bizim üçün rahat görünə bilər. Üstünlüyümüz var idi. Amma bundan yararlanmaq çətin idi. Rəqib 10 nəfərlə qaldığı üçün qapanır. Belə olan halda maksimum 2-3 qol vəziyyəti yaratmaq olur. İki dənə yüz faizli qol epizodu yaratdıq. Bunları qola çevirə bilmədik və nəticədə buradan xalla dönə bilmədik. İndi düşünürəm ki, kaş rəqib azlıqda qalmazdı. “Zirə” 11 nəfərlə olsaydı, bəlkə də başqa cür oyun gedərdi. Futbolçular bacardıqlarını etdilər. Düzdür, bir az artığını etmək lazım idi. Hələ mövsümün əvvəlidir. Bu gün yeni gələn futbolçular oynayırdı. Onlara bir az vaxt lazımdır. Ümumi olaraq pis oynamadıq. Oyuna nəzarəti ələ keçirmişdik.

Hakimlikdən danışmaq istəmirəm. Mənə verilən qırmızı vərəqədən sonra qərarı gözləyirəm. Məndən əvvəlki qırmızı vərəqələrə baxın. Mənim etdiyim daha yumşaq idi. Məsələn, Murad Musayevin etdikləri. Bundan sonra çıxarılan qərarlara baxıb danışacağam”.

Xəbəri sosial şəbəkələrdə paylaş: