Rəşad Sadıqov: “Bu, aşkar şəkildə rəqabətə təsir edir”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Rəşad Sadıqov matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Dinamik və sürətli oyun getdi. Rəqibimizin geridə qalan 12 turda göstərdiyi oyun təqdiralayiqdir. Səhv etmirəmsə, “Qəbələ” çempionatımızda ən çox qol epizoduna girən komandalardan biridir. Topla oynamağı sevirlər. Biz bu gün öz futbolumuzu oynamağa çalışdıq. Birinci hissədə oyunumuz daha yaxşı alınırdı, qol da vurduq. Rəqibə qol imkanı vermədik. Bilirik ki, oturuşmuş kombinassiyaları var. Onun qarşısını dəf edirdik. Amma 70-ci dəqiqədən sonra bu tip əzmkar və oturuşmuş oyunu olan komandaya qarşı ikinci qolu vurmursansa, sonluq ağır keçəcək. Bu gün də elə oldu. Sonlarda çoxsaylı cərimə zərbələri verdik. Ən çox təhlükəli epizodlar standart vəziyyətdən sonra olurdu. Oyun planında rəqibin qarşısını alırdıq. Futbolçularımı təbrik edirəm. Bu oyun bir daha onu göstərdi ki, çempionatımız hansı səviyyədədir və bu mövsüm bizi necə oyunlar gözləyir. Rəqiblər inamlı mübarizə aparırlar. Heç kim asanlıqla təslim olmur”.

Rəşad Sadıqov bəzi klubların tez-tez stadion dəyişməsinə də etirazını dilə gətirib:

“Hazırda bizi ilk növbədə “Kəpəz”lə oyun maraqlandırır. Bizi Yevlaxda qəbul edəcəklər. Açığı, bu mövsüm məyusedici məqamlar çoxdur. Çox istəyərdim ki, fərqli olsun. Bilmirəm zəruriyyətdən, ya məcburiyyətdən irəli gəlir. “Turan Tovuz” bir çox rəqabət apardığımız komandalarla Bakıda oynayıb. Bizi 2 dəfə Tovuzda qəbul edəcək. “İmişli” bəzi komandalarla Şamaxıda oynadı, bizi Qubada qəbul etdi. “Kəpəz” Qəbələdə oynadı, fərqli ab-havada, azarkeşlərindən uzaq yerdə. İndi isə Yevlaxda oynayacaq. Dünən özümüz də gördük ki, “Kəpəz” orada istəkli idi, necə aqressiv oynayırdı. Burada söhbət sırf “Kəpəz”, “İmişli” və “Turan Tovuz”dan getmir. Sadəcə olaraq, deyirəm ki, qaydalar qoyub, elə riayət edək ki, qaydalar pozulmasın. Çünki bu, aşkar şəkildə rəqabətə təsir edir. Bir şey demirəm, hansısa komanda zərurətdən stadionunu dəyişibsə, bütün rəqiblərini orada qəbul etsin. Üçüncü dövrədə isə dəyişərlər. Elə daha ədalətli olardı. Çox komanda “Kəpəz”lə Qəbələdə oynadı. Biz Yevlaxda oynamalıyıq. Gördük ki, “Kəpəz” Yevlaxda tam fərqlidir”.