Ronaldo klublararası DÇ-də iştirak etməməsini əsaslandırdı

“Əl-Nəsr”in 40 yaşlı portuqal ulduz hücumçusu Kristiano Ronaldo 2025-ci il FIFA Klub Dünya Kubokunda iştirak etməməsini əsaslandırıb.

Arena.az “Əl-Nəsr”in mətbuat xidmətinə istinadən, portuqal ulduzun müvafiq açıqlamasını təqdim edir:

“Mənim, klublararası dünya çempionatında iştirakla bağlı bir neçə təklifim vardı, amma mən düşünürəm ki, bu, məna kəsb etmir. Belə ki, mən yaxşıca istirahət etməyə üstünlük verirəm, yaxşı hazırlamaq istəyirəm, çünki növbəti mövsüm, sonunda dünya çempionatı ilə çox uzun bir mövsüm olacaq. Buna görə də mən nəinki “Əl-Nəsr”, həmçinin milli komandam üçün oyuna hazır olmaq istəyirəm. Bax, buna görə də mən yığma komandam üçün oynamaq, digər klublaradan gəlmiş təklifləri qəbul etməmək və klubda qalmaq qərarını verdim”, deyə “Kriş” vurğulayıb.

Xatırladaq ki, Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun Səudiyyə Ərəbistanı klubu ilə yenilənmiş müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ronaldo geridə qalmış mövsümdə “Əl-Nəsr”in heyətində 41 oyuna 35 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 105 oyun, 93 qol və 19 məhsuldar ötürmədən ibarətdir.

Əlavə edək ki, Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümümün 24 qolla ən sərrast qolçusudur. Portuqal ulduzun hesabında 3 məhsuldar ötürmə də var.

Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.

Kristiano Ronaldo Portuqaliya yığmasının heyətində 219 oyuna 136 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: