“Nyukasl”ın və İtaliya yığmasının yarımmüdafiəçisi Sandro Tonali futbolçusu olduğu müddətdə “Milan”ın oyunlarına mərc etdiyini etiraf edib.
Arena.az bu barədə “La Gazzetta dello Sport”a istinadən məlumat verir.
Mənbənin məlumatına görə, italyan yarımmüdafiəçi həqiqətən də “rossoneri”nin oyunçusu olarkən, “Milan”ın oyunlarının nəticələrinə mərc edib. Amma burada vacib məqam odur ki, Tonali yalnız “rossoneri”nin qələbələrinə və özünün meydana çıxmadığı oyunlara mərc edib. Müvafiq olaraq, onun mərcləri onun meydandakı çıxışına təsir etməyib ki, bu da müvafiq işdə yüngülləşdirici amildir.
Buna rəğmən, Tonali hələ də diskvalifikasiya ilə üz-üzədir, amma cəzanın dəqiq dövrü ilə bağlı məsələ bir qədər daha mürəkkəbdir. Əvvəlcə, Sandro komandasının oyunlarına mərc etdiyinə görə 3 ildən çox müddətə cəza ala bilərdiı, amma oyunçu istintaqla fəal əməkdaşlıq edən “Yuventus”un yarımmüdafiəçisi Nikolo Facolinin yolu ilə getməyə qərar verdiyi üçün, daha yüngül cəza ala bilər. Bu, ehtimal ki, İngiltərə Premyer Liqası daxil olmaqla, hər hansı bir turnirdən 1 il kənarlaşdırılma ola bilər.
Xatırladaq ki, daha əvvəl mətbuatda Sandro Tonali və Nikolo Zaniolonun qeyri-qanuni mərc etməkdə ittiham oluna biləcəyi barədə məlumat yayılmışdı. Xüsusilə, jurnalist Fabrisio Koronada bu futbolçuların həqiqətən mərc oynadıqlarını sübut edən məlumatlar olduğu və jurnalistin artıq hüquq-mühafizə orqanları ilə əməkdaşlığa başladığı bildirilib.
Tonali bu yay “Milan”dan 64 milyon avro qarşılığında “Nyukasl”a keçib. İtalyan futbolçu Premyer Liqa təmsilçisində 10 oyuna çıxıb, 1 qol vurub. 23 yaşlı dayaq yarımmüdafiəçisi daha öncə “Breşiya”da da forma geyinib. O, İtaliya millisində 15 oyun keçirib.