Sandro Vaqner “Auqsburq”dan qovuldu

Futbol üzrə Almaniya Bundesliqasında mübarizə aparan “Auqsburq” komandasının baş məşqçisi Sandro Vaqner istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Komandanın uğursuz nəticələri rəhbərliyin adekvat qərarına əsas səbəb olub.

Qeyd edək ki, Bundesliqada geridə qalmış 12 turdan sonra “Auqsburq” cəmi 10 xal toplayaraq turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.

Sandro Vaqner 2025-ci ilin yayından bu komandanı çalışdırırdı. 38 yaşlı mütəxəssis “Auqsburq”u cəmi 14 oyuna çıxarıb, 4 qələbə, 1 heç-heçə və 9 məğlubiyyət görüb.

Vaqner daha öncə “Unterhaxinq” komandasının da baş məşqçisi olub.

“Auqsburq” növbəti matçını dekabrın 6-da, evdə “Bayer”ə (Leverkuzen) qarşı keçirəcək. Komandanı bu görüşə Manuel Baum çıxaracaq.