Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 6-cı mərhələsində yarımfinala start verilib.
Arena.az xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov “The FTX Crypto Cup” adı verilən bu mərhələnin finalına vəsiqə uğrunda Maqnus Karlsenlə mübarizə aparır.
Bu iki şahmatçının mübarizəsində ilk gün heç-heçə yekunlaşıb. Startdakı iki partiyada bərabərliyə razılaşan Teymur, üçüncü görüşdən məğlub ayrılıb. Amma o, sonuncu olan dördüncü partiyada qalib gəlməklə ümumi hesabı yenidən bərabərləşdirib – 2:2. Bu gün – mayın 29-da baş tutacaq təkrar görüşdə Rəcəbova finala vəsiqə üçün yalnız qələbə lazımdır. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.
Bu raundun digər cütündə isə ABŞ təmsilçisi Uesli So rusiyalı Yan Nepomnyaşi ilə qüvvəsini sınayıb. So, ilk günü qalib başa vurub – 2.5:1.5
Qeyd edək ki, Teymur Rəcəbov təsnifat mərhələsində 8.5 xal yığaraq, Karlsenlə 6-7-ci yerləri bölüşüb. Bu nəticə onun 1/4 finala vəsiqə qazanmasına imkan verib. Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov isə 7.5 xalla 10-cu yeri tutub və mübarizəni dayandırıb. Turnirin mükafat fondu 220 min ABŞ dollarıdır. Həmçinin 100 min dollar məbləğində bitkoin bonus da nəzərdə tutulub.