Vasili Radenoviç və Vasili Bakiç də “Şamaxı”nı tərk etdilər

Premyer Liqada mübarizə aparan “Şamaxı” klubu daha iki legioner futbolçusu – Vasili Bakiç və Vasili Radenoviç ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Hər iki futbolçunun klubla müqaviləsinin müddəti başa çatıb. Tərəflər yeni müqavilə imzalamamağa qərar veriblər. “Şamaxı” Bakiçlə Radenoviçə xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Vasili Bakiç 2024-cü ilin iyul ayında azad agent kimi “Şamaxı”ya qoşulmuşdu. Serbiyadan olan 25 yaşlı mərkəz müdafiəçisi əyalət klubunun heyətində 25 oyuna çıxıb, 1 qolla yadda qalıb. O, daha öncə “Kolubara”, “İndjija”, “Radniçki”, “Vozdovaç”, “Çukariçki” kimi klublarda da forma geyinib.

Monteneqrolu Vasili Radenoviç də 2024-cü ilin iyulundan “Şamaxı”da çıxış edirdi. 31 yaşlı mərkəz müdafiəçisi Azərbaycan klubunun heyətində 27 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. O, daha öncə “Kolubara”, “Jezero”, “Petrovaç”, “Proletar”, “Qabela”, “Jarkovo”, “Yaqodina”, “Lixtenauer”, “Lovçen”, “Borça”, “Mladost”, “Deçiç” kimi klubların da formasını geyinib.

Xatırladaq ki, “Şamaxı” daha öncə Leroy Mikels və Brahim Konate ilə də yollarını ayırmışdı. Alfons Mabula Msanqa isə əyalət klubu ilə yeni müqaviləyə imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: