Viktor Bonifase yenə ayın ən yaxşı oyunçusu seçildi

Nigeriya millisinin və “Bayer”in hücumçusu Viktor Bonifase Almaniya Bundesliqasında sentyabr ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqanın rəsmi saytı məlumat yayıb.

Bonifase sentyabr ayında “Bayer”in heyətində Almaniya çempionatı çərçivəsində 4 oyuna çıxıb. O, bu oyunlarda 4 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Viktor Bonifase “Bayer”ə bu ilin iyul ayında Belçikanın “Yunion” klubundan keçib. Leverkuzen klubu onun transferi üçün 20.5 milyon avro xərc çəkib. Bonifasenin Almaniya klubilə müddəti 2028-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləsi var.

Bonifase bu ilin sentyabr ayında debüt etdiyi Nigeriya yığmasında 1 oyun keçirib. O, daha öncə “Yunion”dan başqa “Bodo Qlimt”in də formasını geyinib.

Xatırladaq ki, bu, Viktor Bonifasenin Bundesliqanın cari mövsümündə ikinci belə uğurudur. 22 yaşlı mərkəz forvardı avqust ayında da ən Bundesliqanın ən yaxşı oyunçusu seçilmişdi. Həmin ayda o, 2 oyuna çıxmış, 2 qol və 1 məhsuldar ötürmə müəllifi olmuşdu.

Sonda onu da vurğulayaq ki, “Bayer” Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən biridir. Ağdam klubu bu rəqibinə qarşı ilk oyununu oktyabrın 26-da Leverkuzendə keçirəcək. Tərəflər arasındakı ikinci qarşılaşma isə noyarın 9-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var. Bu qrupdakı digər komandalar “Molde” (Norveç) və “Haken”dir (İsveç).