Məşhur aktrisa və müğənni Oliviya Rodriqo sosial şəbəkələrdəki səhifəsində “Real”ın pərəstişkarları tərəfindən biədəb ismarışlar alıb.
Arena.az “Nettavisen” dərgisinə istinadən məlumat verir ki, “qaymaqlılar”ın braziliyalı ulduzu, hücumçu Vinisius Juniorun pərəstişkarları olan şəxslərin qəzəbi əslində, 2024-cü il “Qızıl top”un qalibi, “Mançester Siti”nin ispan dayaq yarımmüdafiəçisi Rodriqo “Rodri” Ernandesin ünvanına yönəlib.
Məsələ burasındadır ki, Rodrinin sosial şəbəkələrdə hesabı yoxdur. Bu səbəbən Vinisiusun pərəstişkarları ağına-bozuna baxmadan sosial şəbəkələrdə Rodriqo soyadlı əksər tanınmış simaların hesablarına ağızlarına gələnləri yazıblar.
Xatırladaq ki, məsələnin kökü “Qızıl top”un təşkilatçılarının ən nüfuzlu fərdi futbol mükafatını Rodriyə təqdim etməsindən qaynaqlanır. Daha öncə isə “Qızıl top”u Vinisius Juniorun qazanacağı haqda uzun müddət idi ki, məlumat vardı. Amma təqdimat mərasiminə bir neçə saat qalmş mətbuata “Qızıl top”un məhz Rodriyə təqdim ediləcəyi haqda məlumat sızıb. “France Football” bu sızıntının həqiqət əsasını təsdiqləməsə də, bunu necə baş verdiyini əsaslandıra bilməsə də, “Real” mükafatın təqdimat mərasiminə qatılmayıb. Beləcə, futbol ictimaiyyətinin digər bir qismi təşkilatçıları ədalətsizlikdə suçlayaraq, “Qızıl top”un “Real”ın braziliyalı hücumçusu Vinisius Juniora təqdim edilməli olduğu qənaətində israr edib. Sadə azarkeşlər isə xəyaq qırıqlığı yaşayaraq, qəzəblərini sosial şəbəkələrdə Rodrinin ünvanına yönəltməklə soyudublar.
Vurğulayaq ki, “qurunun yerinə yaş” olaraq yanmış Rodriqo soyadlı digər şəxlər arasında Madrid “Atletiko”sunun futbolçuları – Rodriqo De Paul və Rodriqo Rikelme də var.