Vitali Borisov: “İsveçlə matç bizim üçün nüfuz oyunudur”

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov bu gün İsveç yığmasına qarşı keçirəcəkləri oyundan gözləntisini paylaşıb.

Arena.az xəbər verir ki, Avropa çempionatının əsas mərhələsi çərçivəsində bu gün İsveçlə qarşılaşacaq Azərbaycan millisi ötən gecə “Helsinqborq Arena”da son məşqini keçirib.

Standart vəziyyətlər üzərində işləyən komandanın baş məşqçisi Vitali Borisov durumla bağlı Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları deyib:

“İsveçdə iki məşq keçirdik. Həm taktiki planda çalışmalar etdik, həm də bu məşqlər zalın örtüyünə uyğunlaşmaq baxımından əhəmiyyətli idi. Komandada əhval-ruhiyyə yaxşıdır. Uşaqlar sona qədər mübarizə aparacaqlar.

Qrupdan çıxmaq baxımından şansımız qalmasa da, reytinq xalları və ilk qələbəmizi qazanmaq üçün “döyüşəcəyik”. Bir növ bu matç bizim üçün nüfuz oyunudur. Əlbəttə, bura tam heyətlə gələ bilmədik. Çünki zədəli futzalçılarımız oldu. Onların yoxluğuna rəğmən, çalışacağıq buradan sərfəli nəticə ilə dönək və Bakıda Xorvatiyaya qarşı yaxşı oyun keçirək. Futzalçılarımız onlara verilən tapşırıqları düzgün icra edə bilsələr, istədiyimizi əldə edəcəyik”.

Xəbəri sosial şəbəkələrdə paylaş: