İngiltərənin “Mançester Siti” komandasının ispan baş məşqçisi Xosep Qvardiola ilə bağlı mətbuatda yayılmış iki xəbər gündəmi zəbt edib.
Arena.az məlumat verir ki, cari mövsümün – 2025-ci ilin iyun ayının sonunda “şəhərlilər”lə müqaviləsinin müddəti başa çatacaq “Pep”, “Mançester Siti”yə baş məşqçi seçimində kömək etməyə və hər hansı yığma komandanı çalışdırmağa hazır olduğunu bildirib:
“Məndən növbəti məşqçinin kim olacağını soruşsalar, mən öz fikrimi söyləyərəm, amma bu, mənim işim deyil. Qərar vermək səlahiyyəti klubun ixtiyarında qalır. Deyərdim ki, yeni idman direktoru, mən artıq burada olmadığım andan seçim etməlidir”, – “RMC Sport” dərgisi “Pep”dən sitat gətirir.
Qvardiola həmçinin milli komanda çalışdırmağın əleyhinə olmadığını da bildirib:
“Bəli, bir gün mən karyeramda milli komanda çalışdırmaq istərdim”, – nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romano ispan mütəxəssisdən sitat gətirir.
Əlavə edək ki, daha əvvəl Qvardiola “Mançester Siti”dəki gələcəyi ilə bağlı hələ qərar qəbul etmədiyini bildirmişdi. Bu mənzrədə bu iki xəbər “şəhərlilər”in azarkeşləri arazında məyusluq yaradıb. Azarkeşlər arasında “Pep”in “Mançester Siti”dən ayrılacağı haqda ehtimallar mövzusunda sosial şəbəkələrdə müzakirələr gözə çarpır.
Xosep Qvardiola “Mançester Siti”ni 2016-cı ilin iyul ayından çalışdırır.
“Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 483 oyun keçiriblər, 357 qələbə qazanıblar, 60 heç-heçə ediblər, 66 məğlubiyyətə üzülüblər. Top fərqi isə 1227:435 nisbətindədir.
Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.
Xatırladaq ki, “Pep” “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”i də uğurla çalışdıraraq, çoxlu qənimətlər qazandırıb.