Yess Torup “Auqsburq”un baş məşqçisi təyin edildi

Danimarkalı futbol mütəxəssis Yess Torup Almaniya Bundesliqasında mübarizə aparan “Auqsburq” komandasının yeni baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, bu postda bir neçə gün öncə istefaya göndərilmiş Enriko Maaseni əvəz edib. 53 yaşlı mütəxəssislə 2025-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb.

Yess Torup son olaraq Danimarkanın “Kopenhagen” komandasına rəhbərlik edib. O, 2020-ci ildən çalışdırdığı bu klubdan 2022-ci ilin sentyabr ayında ayrılmışdı və həmin dövrdən işsiz idi. Təcrübəli məşqçi “Esbyerq”, “Midtyulland”, “Gent”, “Genk” kimi klublara, Danimarkanın U-20 və U-21 yığmalarına da rəhbərlik edib.

Enriko Maasen 2022-ci ilin iyul ayından “Auqsburq”un baş məşqçisi idi. O, auqsburqluları bütövlükdə 44 oyuna çıxarıb. Bu görüşlərdə 11 qələbə qazanan komanda 9 heç-heçə edib, 24 məğlubiyyətlə üzləşib.

“Auqsburq” bu mövsüm Maasenin rəhbərliyi altında 7 matçdan topladığı 5 xalla Bundesliqanın turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Cəmi bir qələbəsi olan komanda 2 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.