Əhməd Yusifov Avropa çempionatında bürünc medal qazandı

Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, bu gün Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatına start verilib.

Yarışın ilk günündə Azərbaycan millisinin 5 idmançısı tatamiyə çıxıb. Onlardan yalnız birinin çıxışı nisbətən uğurlu alınıb.

Avropa çempionatı

Kişilər

60 kq
Əhməd Yusifov yarışa 1/16 finaldan qoşulub. İzhak Aşpizə (İsrail) qalib gələn cüdoçu mərhələ adlayıb. O, ikinci görüşündə Aleksandru Mateyi (Rumıniya) də mübarizədən kənarlaşdırsa da, 1/4 finalda Luka Mxeidzeyə (Fransa) uduzub.

Turan Bayramov 1/16 finalda Ceyms Zahradan (Malta) güclü olub. Təmsilçimiz 1/8 finalda Sanad Feçko (Macarıstan) ilə qüvvəsini sınayıb və bu dueldən də qalib ayrılıb. Turan 1/4 finalda Ayub Bliyevə (İJF) məğlub olduğundan təsəlliverici görüşdə komanda yoldaşı Yusifovla güləşib. Avropa çempionatında Azərbaycan duelindən Əhməd qalib ayrılıb.

Yusifov bürünc medal uğrunda ispaniyalı Fransisko Qarriqosla üz-üzə gəlib. Təmsilçimiz üçqat Avropa çempionuna ipponla qalib gələrək, Avropa çempionatında komandamıza ilk medalı qazandırıb.

66 kq
Ruslan Paşayev startda Boyan Yotova (Bolqarıstan) uduzub.

Qadınlar

48 kq
Könül Əliyeva 1/16 finalda Paulina Şlaxtaya (Polşa) qalib gəlsə də, ardınca Tuğce Bederlə (Türkiyə) bacarmayıb.

52 kq
Gültac Məmmədəliyeva 1/16 finalda Çiara Serraya (Almaniya) məğlub olub.

Qeyd edək ki, aprelin 27-də yekunlaşacaq Avropa çempionatına millimiz 15 cüdoçu (9 kişi, 6 qadın) ilə yollanıb. Yığmamız həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq. Millimiz startda Gürcüstan komandası ilə üz-üzə gələcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: