Mini futbol üzrə Azərbaycan millisi Avropa çempionu oldu

Mini futbol üzrə Azərbaycan millisi Avropa çempionu olub. Arena.az xəbər verir ki, yığmamız bu gün Slovakiyanın Koşitse şəhərində keçirilən final oyununda Rumıniya komandası ilə qarşılaşıb.

Azərbaycan yığması B qrupundakı ilk oyununda məhz bu rəqibə 0:2 hesabı ilə uduzmuşdu. Amma final qarşılaşmasında millimiz altıqat Avropa çempionu olan rumınlardan qisas almağı bacarıb. Rəqibini 1:0 hesabıyla məğlub edən komandamız Avropa çempionu olub. Komandamızın yeganə qolunu ilk hissədə Seymur Məmmədov rəqib qapısından keçirib.

Bundan öncə isə üçüncü yer uğrunda görüş keçirilib. Qazaxıstanla qarşılaşan Bolqarıstan yığması 4:1 hesablı qələbə sayəsində bürünc medallara sahib çıxıb.

Xatırladaq ki, Azərbaycan millisi yarımfinalda Qazaxıstana 3:2, Rumıniya isə Bolqarıstana 4:0 hesabı ilə qalib gəlmişdi.

Yığmamız qrup mərhələsində Rumıniyaya 0:2 hesabıyla uduzsa da, İspaniyaya 5:1, Albaniyaya isə 1:0 qalib gəlmişdi. Qrup ikincisi kimi mərhələ adlayan Azərbaycan futbolçuları, 1/8 finalda İsraili (3:0), 1/4 finalda Slovakiyanı məğlub etmişdilər.

Final matçından sonra mükafatlandırma mərasimi təşkil olunub. Yığmamıza qızıl medallar və kubok təqdim olunub. Milli komandamızın iki üzvü isə Avropa çempionatının ən yaxşısı seçilib. Bunlar Davud Kərimi və Bəxtiyar Soltanovdur.

Kərimi yarışın ən yaxşı qapıçısı, Soltanov isə ən yaxşı oyunçusu seçilib. Hər iki fubolçuya xüsusi mükafat təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: