“Qarabağ” Almaniya və Rumıniya klubları ilə “sülh bağladı”

Azərbaycan Premyer Liqasında və UEFA Çempionlar Liqasında yeni mövsümə hazırlaşan “Qarabağ” bu gün daha 2 yoxlama oyunu keçirib. Arena.az xəbər verir ki, Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan çempionu Almaniyanın “Holştayn Kil” və Rumıniyanın “Universitatya” (Krayova) kollektivləri ilə üz-üzə gəlib.

Ağdam təmsilçisi günün ilk oyununda “Holştayn Kil” ilə qarşılaşıb. “St. Ulrix” stadionunda baş tutan və saat 14:00-da başlayan bu qarşılaşmada qalib müəyyənləşməyib. Azərbaycan klubu ilk hissəni Ramil Şeydayevin dublu sayəsində 2:0 öndə qapayıb. Amma fasilədən sonra almanlar buraxılan qolların əvəzini çıxıblar. Beləcə, 4 qolun qeydə alındığı bu matç heç-heçə bitib.

Toplanışın və günün son matçında isə rəqib “Universitatya” (Krayova) komandası olub. “Yenbax” stadionunda oynanılan görüşə Bakı vaxtı ilə saat 20:30-da start verilib. Bu oyunda da heç-heçə qeydə alınıb. Yenə hesabı açan tərəf Azərbaycan təmsilçisi olub. Amma rəqib elə ilk yarıda buraxılan qolun əvəzini çıxıb və yekunda qalib müəyyənləşməyib.

Xatırladaq ki, Ağdam klubu Avstriyadakı ilk yoxlama oyununda Rumıniyanın “Botoşani” komandasına 4:0 hesabıyla qalib gəlmişdi.

Yoxlama oyunları
29 iyun

Qarabağ – Holştayn Kil 2:2
Qol: R.Şeydayev, 28; 45-pen – P.Sander, 56. K.Rayedt, 76-pen.
“St. Ulrix” stadionu.

Qarabağ: 23. Luka Quqeşaşvili, 4. Rahil Məmmədov, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev.

Qarabağ – Universitatya (Krayova) 1:1
Qol: F.Ozobiç, 16 – A.İvan, 36.
“Yenbax” stadionu.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: