Aleksandr Sonq futbolçu karyerasını başa vurdu

Kamerunlu dayaq yarımmüdafiəçisi Aleksandr Sonq 36 yaşında peşəkar futbolçu karyerasında xitam verdiyini bəyan edib.

Arena.az məlumat verir ki, Sonq bu barədə özünün sosial şəbəkə hesabında yazıb.

Xatırladaq ki, Sonq son 3 ildə Cibutinin “Arta/Solar7” komandasında çıxış edib.

“Çarlton”, “Rubin” və “Vest Hem” həmişə mənim ürəyimdə xüsusi yer tutacaqlar. Bu yolda mənə çoxlu sayda insan kömək etdi. Dünyanın böyük klublarında – “Arsenal” və “Barselona”da oynamışam. Möhtəşəm xatirələr həmişə mənimlə olacaq”, – Sonq yazıb.

Sonq karyerası ərzində özünün də vurğuladığı kimi, bir çox klublarda çıxış edib. Kamerunlu futbolçunun “Bastiya”dan başlayan yolu “Arsenal”, “Çarlton”, “Barselona”, “Vest-Hem”, “Rubin” (Kazan), “Syon”dan keçərək, “Arta/Solar7”-də başa çatıb.

Amma belə zəngin futbolçu katyerasına rəğmən, Sonq cəmi ikicə qənimət qazana bilib – “Barselona” ilə İspaniya çempionluğu (2012/2013) və İspaniya Super Kuboku (2013/2014).

Aleksandr Sonq 2008-ci ilin yanvarında debüt etdiyi Kamerun yığmasının heyətində 49 oyuna çıxıb, 4 məhsuldar ötürmə ilə fərqlənib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: