Kristiano Ronaldo dubl etdi, “Əl-Nəsr” darmadağına sevindi – Video

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 38 yaşlı futbolçunun komandası Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 14-cü turu çərçivəsində “Əl-Axdud”la qarşılaşıb.

Oyun “Əl-Nəsr”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. Birinci hissənin əvvəlində, 13-cü dəqiqədə Sami Əl-Naci hesabı açaraq, meydan sahiblərini hesabda irəli çıxarıb. 77-ci dəqiqədə Ronaldo “Əl-Nəsr”in üstünlüyünü artırıb. Portuqal ulduz cəmi 3 dəqiqə sonra daha bir qol vurmaqla həm hesabı darmadağın həddinə çatdırıb, həm də dublunu rəsmiləşdirib.

Qələbə sayəsində “Əl-Nəsr” 34 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və 1 xal geri qaldığı lider “Əl-Hilal”ı daban-daban təqib edir.

Kristiano Ronaldo cari mövsümdə Səudiyyə Peşəkar Liqasında vurduğu 15 qolla yarışın ən sərrast futbolçusudur. Portuqal hücumçunun həmçinin 7 məhsuldar ötürməsi var və bu göstərici üzrə də Ronaldo liderdir. Beləliklə qol və məhsuldar ötürmə cəminə görə 22 xal toplamış Ronaldo turnirin ən səmərəli futbolçusudur.

Xatırladaq ki, Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Kristianonun ərəb klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 18 oyuna çıxıb, 18 qol vurub, 9 məhsuldar verib.

Ronaldo “Nəcd cəngavərləri” ilə Ərəb Klub Çempionlar Kubokunu (2023) qazanıb və Səudiyyə Ərəbistanı Peşəkar Liqasının gümüş mükafatçısı (2022/2023) olub.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 204 oyun keçirib, 128 qol vurub və 45 məhsuldar ötürmə verib.

Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. O, Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 38 yaşlı veteran futbolçunu 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: