Futbol üzrə Argentina yığmasının sabiq yarımmüdafiəçisi Xuan Roman Rikelme “Boka Xuniors”un yeni prezidenti seçilib.
Arena.az bu barədə “Boka Xuniors”un rəsmi saytına istinadən məlumat verir.
Seçkilərdə sabiq futbolçuya 30 mindən çox insan səs verib. 45 yaşlı Rikelme 2027-ci ilə qədər vəzifəsini icra edəcək.
Klub üzvlərinin fəallığı 47 min nəfəri keçib ki, bu da Argentina klub seçkilərinin bütün tarixi ərzində ən yüksək göstəricidir. Bu, səsvermə hüququ olanların demək olar ki, 50%-ni təşkil edib və 2019-cu il seçkilərindəki fəallığı təxminən 9 min nəfər ötüb. Rikelmeyə seçicilərin 65,3%-i səs verib.
Xuan Roman Rikelme karyerası ərzində “Boka Xuniors” və “Argentinos Xuniors”, həmçinin İspaniyanın “Barselona” və “Vilyarreal” komandalarında çıxışları ilə tanınıb, Argentina yığmasının heyətində 51 oyun keçirib, 17 qol vurub. Rikelme futbolçu karyerasına 2015-ci ilin yanvarında xitam verib.


