“Flamenqo” və “Korintians”ın keçmiş futbolçusu Marselinyo Karioka Braziliyada musiqi konserti zamanı qaçırılıb.
Arena.az bu barədə Braziliyanın SCCP nəşrinin Marselinyonun vəkilinin sözlərinə istinadı əsasında məlumat verir.
Mənbənin məlumatına görə, hadisə dekabrın 17-də musiqi konserti zamanı baş verib. Marselinyo tədbirdə tanış olduğu qadınla gəzintiyə çıxmaq qərarına gəldikdən sonra adam oğruları tərəfindən qaçırılıb. Cinayətkarlar Marselinyonun azadlığa buraxılması üçün təxminən 90 min Braziliya realı (təxminən 17 min avro) məbləğində pul tələb ediblər.
Polis hadisə ilə bağlı dərhal hərəkətə keçib. İtakuakesetuba şəhərində keçmiş futbolçunun avtomobilinin yaxınlığında dolaşan iki nəfər bəd əməldə iştirakda şübhəli bilinərək San-Paulu hərbi polisi tərəfindən həbs edilib. Şübhəlilər İtaim-Paulistadakı 50-ci polis bölməsinə aparılıb. Marselinyonun avtomobilinin isə tezliklə İtakuakesetubanın polis bölməsinə aparılacağı bildirilir.
Son məlumatlara görə, Marselinyo qaçırıldıqdan bir neçə saat sonra sərbəst buraxılıb. Eyni zamanda, keçmiş futbolçunun həmin gün münasibətdə olduğu qadının əri tərəfindən qaçırıldığını Marselinyonun öz dilindən söylədiyi bir video yayımlanıb. Ötənlərin məşhur futbolçusu bildirib ki, adam oğruları onu, rəfiqəsinin əri tərəfindən qaçırıldığını dediyi videonu çəkməyə məcbur ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının da vurğuladığı kimi, bədxah cinayətkarlar polisi karıxdırıb izi itirmək üçün belə bir hoqqaya əl atıblar.
Marselinyo özü başına gəlmiş bu xoşagəlməz əhvalat haqda danışıb:
“Məni qundaqla başımdan vurdular, sonra maşına sürüklədilər, orada başıma torpa keçirdilər və mən başqa heç nə görmədim. Oğrular məni və rəfiqəmi bir evə aparıb, silahla bizi hədələyərək, mobil telefonumun şifrəsini tələb edib pulu onlara köçürməyə məcbur etdilər. O an məni pul yox, öz həyatım və rəfiqəmin həyatı narahat edirdi. Onlara dedim ki, mən sadəcə buraxılmağımı istəyirəm. Silah daima başınıza doğru tuşlanarkən, bu, asan deyil”, – “Mundo Deportivo” Marselinyodan sitat gətirir.
Marselinyo Karioka əsasən “Flamenqo” və “Korintians”ın heyətində çıxışları ilə məşhurlaşıb. Hazırda 52 yaşı olan keçmiş futbolçu Avropada “Valensiya” və Fransanın “Ayaçço” komandalarında da çıxış edib. O, Braziliya millisinin heyətində 4 oyuna 2 qol vurub. Marselinyo peşəkar futbolçu karyerasını 2010-cu ildə bitirib.



