FIFA da Super Liqa ilə bağlı mövqeyini açıqladı

FIFA-nın mətbuat xidməti Avropa Məhkəməsinin Super Liqa ilə bağlı qərarı haqda, qurumun mövqeyini ifadə edən müvafiq bəyanat yayıb.

Arena.az xatırladır ki, bu gün Avropa Məhkəməsi FIFA və UEFA-nın 2021-ci ildə Super Liqanın yaradılmasını qadağan edən fəaliyyətlərini qanunsuz kimi tanıyıb.

“FIFA Avropa Məhkəməsinin Super Liqa ilə bağlı verdiyi qərarı nəzərə alıb. Təşkilat indi əlavə şərh verməzdən əvvəl onu UEFA, digər konfederasiyalar və üzv assosiasiyalarla nəzərdən keçirəcək.

Öz nizamnaməsinə uyğun olaraq, FIFA idmanın özünəməxsus təbiətinə, o cümlədən idman ləyaqətinə əsaslanan piramida strukturuna, eləcə də rəqabət tarazlığı və maliyyə həmrəyliyi prinsiplərinə qəti şəkildə inanır.

Futbol öz uğurlu tarixini ilk növbədə yuxarıda qeyd edilmiş prinsiplərə borcludur və FIFA gələcəkdə də bütün dünyada azarkeşlərin rifahı üçün onları təbliğ etməyə davam edəcək” – təşkilatın bu xüsusda bəyanatında deyilir.

Xatırladaq ki, üç liqaya bölünəcək Super Liqada 64 klubun iştirakı nəzərdə tutulub. Bütün liqalarda yarışlar iki mərhələdə keçiriləcək – “liqa mərhələsi” və “pley-off mərhələsi”. Yeni turnirin ilkin olaraq 2025-ci ildə başlaması planlaşdırılır.

Hazırda Super Liqada cəmi iki klub, İspaniya nəhəngləri “Real” və “Barselona” yer alıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: