AÇ-2025: Millimiz seçmə mərhələdə ilk oyununa çıxır

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində bu gün ilk oyununa çıxacaq.

Arena.az xəbər verir ki, millimiz səfərdə Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Stara Pazova şəhərindəki Serbiya Futbol Federasiyasının İdman Mərkəzində baş tutacaq oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Qeyd edək ki, Serbiya – Azərbaycan qarşılaşmasını Türkiyədən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Erkan Özdamar olacaq. Ona Serkan Olğuncan və Murat Tuğberk Curbay yardım edəcəklər. Dördüncü hakim isə Zorbay Küçük olacaq.

Qeyd edək ki, F qrupunda Azərbaycan və Serbiya yığmalarından başqa İngiltərə, Lüksemburq, Ukrayna və Şimali İrlandiyanın U-21 seçmələri də yer alıb. Artıq bu qrupda iki oyun da keçirilib. Bu oyunların hər ikisi Lüksemburq yığmasının iştirakıyla baş tutub. Sözügedən komanda əvvəlcə səfərdə Şimali İrlandiyanın U-21 yığmasına 1:0 hesabıyla qalib gəlib. Ötən gün isə lüksemburqlular doğma meydanda İngiltərə yığmasına 0:3 hesabıyla məğlub olublar.

Bu gün millimizin yer aldığı qrupda Ukrayna – Şimali İrlandiya oyunu da baş tutacaq. Azərbaycanın U-21 millisi isə oktyabrın 12-də və 17-də Bakıda ardıcıl iki ev oyununa çıxacaq. Komandamız əvvəlcə Şimali İrlandiyanı, beş gün sonra isə Lüksemburqu qəbul edəcək.

AÇ-2025-in seçmə mərhələsi
F qrupu
12 sentyabr

22:00. Serbiya – Azərbaycan
Baş hakim: Erkan Özdamar (Türkiyə).
Baş hakimin köməkçiləri: Serkan Olguncan, Murat Tugberk Curbay (Türkiyə).
Dördüncü hakim: Zorbay Küçük (Türkiyə).
Stara Pazova. SFF İdman Mərkəzi.

Xəbəri sosial şəbəkələrdə paylaş: