Amorim “Mançester Siti” ilə heç-heçəni şərh etdi

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasının 31-ci turunun “Mançester Siti” ilə ev oyununu şərh edib.

Arena.az “Mançester Yunayted”in rəsmi saytına istinadən, portuqal mütəxəssisin qolsuz bitmiş matç barədə müvafiq açıqlamasını təqdim edir:

“Düşünürəm ki, biz işimizin öhdəsindən yaxşı gəldik. Biz ötən həftə “Nottingem Forest”lə oyunda (0:1) olduğundan fərqli bir tərzdə oynayırdıq. Mən başa düşürəm ki, fərqli məqsədlər uğrunda mübarizə aparmadıqda, oyundan doğan ehtiras gözlənilən olmur. Derbinin ab-havası azacıq dəyişir. Amma düşünürəm ki, biz müdafiəmizi yaxşılaşdırırıq, biz daha yığcam olmuşuq, ötən oyunlarla müqayisədə biz rəqibə daha az məkan verirdik. Odur ki, biz təkmilləşirik. Biz bir neçə məqam yaradırıq, sonra isə, düşünürəm ki, bizim elə, eyni fəsadımız yaşanır – qolların yoxluğu.
Amma müsbət məqamlara göz yetirin. Bizim bir neçə oyunumuz olub ki, mən heç olmasa bircə qol fürsətini xatırlamaq istərdim, amma bu fürsət olmayıb. Ancaq son oyunlarda bizim müvafiq fürsətlərimiz var. İndi biz məntiqi sonluğu yaxşılaşdırmalıyıq”, deyə Amorim vurğulayıb.

31 oyundan sonra 38 xal toplamış “Mançester Yunayted” İngiltətə Premyer Liqasının yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb. “Mançester Siti” isə 52 xalla 5-ci pillədədir.

Premyer Liqaya 73 xalla “Liverpul” başçılıq edir.