Antoniyə qarşı yeni ittihamlar – Daha iki qadın üzünə durdu

Futbol üzrə Braziliya millisinin və “Mançester Yunayted”in vingeri Antoniyə qarşı zorakılıqla bağlı yeni ittihamlar irəli sürülüb.

Arena.az bu barədə “Daily Mail”ə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, eyni zamanda iki qadın braziliyalı futbolçunu zorakı hücumda ittiham edib. Hüquq tələbəsi Rayssa de Freytas, keçən ilin mayında Antoninin gecə klubunda ona hücumundan sonra xəstəxanada müalicəyə ehtiyacı olduğunu iddia edir.

Həmçinin 33 yaşlı bankir İnqrid Lana da braziliyalı futbolçunu ittiham edərək bildirib ki, Antoni onunla cinsi əlaqədə olmaq istəyib. İmtina müqaviməti ilə üzləşdikdən sonra futbolçu onu itələyib və nəticədə qadının başı divara çırpılıb.

Xatırladaq ki, daha əvvəl Antoninin keçmiş məşuqəsi Qabriela Kavallin “qırmızı şeytanlar”ın futbolçusunun ailədaxili zorakılığı barədə danışmış, futbolçunu müvafiq məsələdə ittiham etmişdi. Daha sonra Antoni özü də bəyanat verərək saxta ittihamların qurbanı olduğunu bəyan edib.

Müvafiq məsələ ilə əlaqədar Braziliya millisinin rəhbərliyi Antonini müvəqqəti olaraq komandadan kənarlaşdırıb.

Öz növbəsində müvafiq hallara qarşı barışmaz mövqeyi ilə səciyyəvi olan “Mançester Yunayted” hadisə ilə bağlı təhqiqatlar bitənə qədər gözləmə mövqeyində qalacağını və şərh verməyəcəyini bəyan edib. Klub hadisə ilə bağlı zərərçəkmişlərin üzülməməsi üçün təhqiqat bitənə qədər ictimaiyyətdən səbr və anlayış göstərməsi xahişi ilə çıxış edib.

Daha əvvəl “qırmızı şeytanlar” zorlamada təqsirli bilinən futbolçusu Meyson Qrinvudun işi ilə bağlı daxili araşdırma aparmış və onunla yollarını ayıraraq hücumçunu “Xetafe”yə icarəyə göndərmişdilər.

Antoni “San-Paulu”nun yetirməsidir. Braziliyalı hücumçu 2022-ci ildə “Ayaks”dan “Mançester Yunayted”ə keçib. Geridə qalmış ötən mövsümdə o, MY-nin heyətində 44 oyuna çıxıb, 8 qol və 3 assist müəllifi olub, komandası ilə İngiltərə Liqa Kubokunu qazanıb. Cari mövsümdə isə hücumçu 4 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Antoninin Mançester klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvdədir.

Antoni 2021-ci ilin oktyabrında debüt etdiyi Braziliya millisində 16 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı Antoniyə 60 milyon avro qiymət qoyub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: