Arne Slot: “Mən məşqçi olacağımı hələ gəncliyimdə bilirdim”

“Liverpul”un baş məşqçisi, niderlandlı mütəxəssis Arne Slot hələ gənc yaşlarından məşqçi olmaq arzusunda olduğunu etiraf edib.

Arena.az “Liverpul”un rəsmi saytına istinadən, niderlandlı mütəxəssisin bu barədə xatirəsini təqdim edir:

“Düşünürəm ki, gənc yaşlarımda məşqçi və ya idarəçi olmaq istədiyimi bilirdim. Atam həvəskarlar dərnəyində məşqçi idi, özü də müəllim olduğu üçün daim məşğul olardı. O, tez-tez məndən onun yerinə məşğələlər keçə biləcəyimi soruşardı və bu, mənə həmişə xoş gələrdi”, deyə Slot xatırlayıb.

Arne Slot məşqçilik fəaliyyətinə 2016/2017-ci illər mövsümündə “Kambyur” klubunda başlayıb. Sonra niderlandlı mütəxəssis “AZ Alkmar” (2019/2020) və “Feyenoord”u (2021/2024) çalışdırıb və məhz bu iki komanda ilə uğurlu işi ilə adından söz etdirib.

Slot “Liverpul”un sükanı arxasında cari ilin iyul ayından fəaliyyətdədir. “Qırmızılar” 46 yaşlı niderlandlı mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Niderlandlı mütəxəssis “Liverpul”u 14 oyuna çıxarıb, 12 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət yaşayıb, “qırmızılar”ın top fərqi isə 31:9 nisbətindədir.

Slotun qənimətlər muzeyində “Feyenoord”la qazandığı Niderland çempionluğu və Niderland Kuboku var.

İngiltərə Premyer Liqasının 9 turundan sonra Slotun “Liverpul”u 22 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb.